Montag, 6. Juli 2009

İLHAM ƏLİYEV İRANDAKI HADİSƏLƏRDƏN DANIŞDI

06.07.2009 [08:54]
06.07.2009 [15:43]
1702 dəfə baxılıb

Dövlət başçısı Tehranın İsrail prezidentinin səfərinə reaksiyasına da üstüörtülü münasibət bildirib

http://www.musavat.com/site/shownews.php?news_id=55968

Rusiyanın RTR kanalının “Vesti subbota” proqramı Azərbaycan prezidenti İlham Əliyevlə müsahibəni efirə verib. Müsahibə Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya ötən həftə etdiyi qısamüddətli səfər zamanı Azərbaycan dövlət başçısının Zuğulba iqamətgahında götürülüb. Müsahibənin mətninin bir hissəsi dünən “vesti.ru” saytında yerləşdirilib.
Rusiyalı jurnalist müsahibəyə Zağulba iqamətgahındakı təmtəraqlı şəraiti və dənizə açılan gözəl mənzərəni təsvir edərək başlayır və İlham Əliyevə “Qazprom”la imzalanan qaz müqaviləsi haqda sual verib. “Bu müqavilə o deməkdirmi ki, ”Nabucco" kəmərini artıq doldurmağa qaz tapılmayacaq?" sualına Əliyev belə cavab verib ki, əslində “Nabucco” ideyası ortaya çıxanda Azərbaycan təminatçı yox, tranzit ölkələrdən biri kimi nəzərdən keçirilirdi. Əsas təchizatçı ölkələr isə başqaları sayılırdı: “Lakin müəyyən səbəblər üzündən, əvvəlcə nəzərdə tutulan təchizatçılarla müqavilə bağlamaq mümkün olmadı. Bununla əlaqədar olaraq Azərbaycan artıq təkcə tranzit deyil, iri həcmdə qaz hasil edən təchizatçı ölkələrdən birinə çevrildi. Biz, öz qaz potensialımızı tam reallaşdırmaqda qərarlıyıq. Ehtiyatlar böyükdür, öz infrastrukturumuzu yaratmışıq, yeni qaz kəmərlərinin tikintisinə ehtiyac görmürük”. Jurnalisitin “yəni demək istəyirsiniz ki, tikmək istəyirlər, qoy tiksinlər” replikasına cavab olaraq prezident bildirib ki, ümumiyyətlə götürəndə Azərbaycanın mövqeyi belədir. Lakin əlavə tranzit imkanları yaransa, Azərbaycan bundan uduzmur: “Əgər ”Nabucco" kəməri tikilsə və bizə kommersiya baxımından yaxşı şərtlər təklif etsələr, biz bundan, şübhəsiz ki, istifadə edəcəyik. Lakin bu prosesin təşəbbüskarı və maliyyəçisi kimi çıxış etmək niyyətimiz yoxdur". Əliyev onu da deyib ki, Rusiya ilə imzalanan müqavilə Azərbaycan üçün qaz nəqlində tam diversifikasiyanı təmin etmək imkanıdır. Onun sözlərinə görə, Rusiya Qərb bazarı kimi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı Azərbaycan qazının Rusiyaya ixracının hər iki ölkə üçün iqtisadi baxımdan sərfəli olduğunu bildirib: «Bu razılaşma həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına cavab verir. Bu, bizim üçün yeni, daha böyük bazara çıxış imkanıdır. Əvvəlcə bizim ixracımız Qərb istiqamətinə yönəlmişdi. Hazırda dörd ölkə Azərbaycandan qaz alır. Bu nöqteyi-nəzərdən Rusiya bazarı böyük əhəmiyyət kəsb edir. Rusiyanın cənub regionlarının Azərbaycandan alınan qazla təminatı ilə bağlı zərurət var. Bu, Rusiya üçün iqtisadi baxımdan sərfəlidir. Eləcə də qarşılıqlı sərfəli iqtisadi şərtlər var. Bağlanmış müqavilə ikitərəfli xarakter daşıyır. Rusiyaya nəql olunacaq qaz Azərbaycan Dövlət Neft Şirkəti tərfəindən tədarük olunur. Bu hasilat gələn il bitirilməsi nəzərdə tutulan Şahdəniz-1 yatağından da ola bilər. Gələcəkdə Şahdəniz-2 yatağından və ya başqa yataqdan da istifadə oluna bilər» deyə dövlət başçısı qeyd edib.
Müsahibə zamanı jurnalist azərbaycanlıların dörddə üçünün yaşadığı İranda baş verənlər haqda İlham Əliyevin mövqeyini soruşub. “İranda seçkilərdən sonra baş verən dramatik hadisələrə münasibətiniz necədir” sualına Əliyev şərh verməyib və bunu deməklə kifayətlənib: “Onlar kiminsə məsləhəti və müdaxiləsi olmadan məsələni ayırd edəcəklər”. Daha sonra İsrail prezidentinin Azərbaycana səfərinə və İranın buna reaksiyasına toxunulub. İ.Əliyev deyib ki, Azərbaycanın timsalında öz aralarında heç də yaxşı münasibətlərdə olmayan iki ölkə ilə eyni vaxtda normal münasibətlər qurmağın mümkünlüyünü görmək olar. “Əgər bizim tərəfdaşlarımızın və ya dostlarımızın öz aralarında problemləri varsa, biz həmişə ondan çıxış edirik ki, Azərbaycan onların öz münasibətlərini ayırd etməsi üçün yer olmalı deyil”.
Siyasət şöbəsi

Keine Kommentare:

Kommentar veröffentlichen